Səhər Gələr

 Ey mənim dözümlü diyarım Təbriz,

Yenə dərvazanda nə hay düşübdür?

Deyirlər şəhidlər kərvanı gəlir,

Kərvanı qabağa, içəriyə sür.

 

Nədən tərpənmirsən niyə dinmirsən?

Dözümün qəlbimin başın dəlibdir.

Bilmirdim bu gecə açıq süfrənə,

Bir pilak, bir avuc sümük gəlibdir.

 

Eşqin mə´nasını bilirsən əlbət,

Aşiqlər becərdib yola salıbsan.

Düzgün səhər kərvan ardınca gələr,

Gecə savuşa, tək sanma qalıbsan.

 

Canlı Nizami

 

Qoymayırlar burda çıxış edəm mən,

Görürsən hər iki gözünlə Təbriz.

Deyirlər «məsləhət deyil, danışma,

Evimizi yıxarsan sözünlə!», Təbriz.

 

Ələsgər, deyirlər əmir vermişdi,

Çıxışımı mənim ləqv eyləsinlər.

Salon içrə mənə yol da verməyıb,

Xalqa «xəstələnib ustad!» desinlər.

 

İnanmazsan mənim susmağıma sən,

Səni dananların oymuşam gözün.

Oğlun çıxışilə oğlun dili ilə,

Dünyanı bürüyüb hekmətli sözün.

 

Soyunu zən edən yüksək nəjaddan,

Bir gün Nizami yə «danışma!» demiş.

«Mənim öz dilimdə danışmalısan,

Öldürrəm başqa cür desən!» söyləmiş.

 

Şaha o demişdir: «bax! Nizamini

Xətadır, xətadır, xəta! öldürmək!»

Mənim Nizamilə, bunun şah ilə,

Nə fərqimiz vardır, bu gün, de görək?

 

 

Qoy deyim izin ver bu gün ucadan,

Bu nadana xitab ürək sözümü,

Deyim: «arşınına sığmaram sənin,

Satmaram nakəsə sən tək, özümü.

 

Təbrizin içində şah pərəstlərə,

Tribun verirsən, söz ayırırsan.

Geri qalmış hər bir alim numaya,

İmkanlar yaradıb ev qayırırsan.

 

İnqilab yaradan bir şairəm mən,

Sən təkin nadandan etmərəm təmkin.

Din örtüyü altda gizlətmə özün,

Başqa bir şey sən sən, bambaşqadır din.»

 

Təbriz! bu nadana söylə ki: «Düzgün,

Canlı Nizamisi olmuş bu əsrin,

Onun çıxışından nədən qorxursan?

Dağıtmış sözüylə istibdad qəsrin!»

 

Nümunə Ustad

 

Ana Təbriz! bu gün bütün ölkədə,

«Ustadi nümunə» seçdilər məni.

Sənin hansı oğlun «nümunə» deyil?

Qoy öyüm bir belə şanlı vətəni.

 

Ölçdülər, biçdilər, seçdilər, amma,

«Baş rəyis», seçimi təsdiq etmədi!

Onun törətdiyi kiçik macəra,

Olaya çevrildi, çox tez bitmədi.

 

Sənədlərə onun imzası gərək,

Qələmi işləmir günəşə sarı.

Qamaşır gözləri günə çıxanda,

Qoy sənə söyləyim sözümü barı.

 

Məni iqtidar yox, millət seçmişdir,

Qeyrətimə görə, elmimə görə.

Ülgüdür söyləmiş Düzgün şivəsi,

Qoy güvənsin oğlun buna bir kərə.

 

Misaq

 

Sənmi sözlərimə «mübtəzəl» dedin?

Mə´nasın bileydin kaş mübtəzəlin!

Ədəbsiz ərkansız üzümə durdun,

Pul ilə aldınmı onun bədəlin?

 

Atılıb düşdülər səndan qabaq çox,

Saymadım heç, ancaq göylüm bulandı.

Dözümlü günüm var hər gələn zülmə,

Desələr sarsıldım, bil ki yalandı.

 

Susdura bilmədi cəlladlar məni,

Sən kim sən? atdığın nə dir o palçıq?

Güllələr qəlbimi deşə bilmədi,

Sözünmü deşəcək hep qırıq-qırıq?

 

Adam ustadına aq olmaz bala,

Hörmət saxlamağın ustadın, öyrən!

Elinə aq olan naxələflərin,

Üzünə tüpürər qəhraman vətən.

 

Səni bax! üstümə qudurdan nakəs,

Dözümümdən mənim basğın yemişdir.

İdrak etməmişdir milli duyğunu,

Odur ki mübtəzəl ğəzəl demişdir.

 

O nə qanır namus nədir, ar nədir?

Hər kim minik verir, palana dönür.

İmanı yalandır, misaqı yalan,

Dünən dandığilə bu gün  öyünür.

 

Əlindən dünyasın alsan nakəsin,

Axirəti danar, vicdani danar.

Mə´nəviyyəti yox, fəziləti yox,

Ürəyi pul təki çörtgədə sanar.

 

İnsan dini ilə «misaq» bağlayar,

Elilə, yurduyla, dililə, nadan!

Kot–şalvar qəsdinə misaq nə gərək?

Qəba altına gəl girməkdən utan.

 

Təbriz Dili

 

Dilindən söz açdım Əhvazda bu gün,

Qurur duya–duya, ana Təbrizim!

Sükutun, heyrətin Xüzistanlının,

Hədyə gətirmişəm sana, Təbrizim!

 

Qurultay yerinin sağ duvarında,

Əksini asmışlar bir Təbrizlinin.

Dedilər: «– həm yerlin şəhid olmuşdur.»

Bir an susdum, zalda düşündüm dərin:

 

«Eşq olsun Əhvazda, dini uğrunda,

Şəhadət şərbəti içən oğluna.

Çevrilən həqiqəti Təbriz dilinə,

Ən düzgün bir yolu seçən oğluna!»

 

O dildən danışmaq nə çətin işdir,

Bütün dilsizlərin dilidir o dil.

Yaşamaq istəsən bir insan kimi,

Onu–bunu burax, gəl o dili bil...

 

Qızğın Ürək

 

Bu gün Simnan şəhri danişqahında,

Yenə anam Təbriz səndən söz etdim.

Nə çaşdım, nə caydım, nə də büdrədim,

Söz meydanın  ötüb yolu düz getdim.

 

Diyanət haləsi aldı sözümü,

Dilimin ucunda oynadı qeyrət.

Mərdlik baxışımdan işıq saçanda,

Simnan gözəllərin bürüdü heyrət!

 

Deyirdilər: «–əhsən anan Təbrizə,

Oğulu da belə böyütmək gərək!

Kimsə qorumazsa əmdiyi sütü,

Yaşamaz köksündə qızğın bir ürək.»

 

Oyun

 

Təbriz danişqahı təslim olmuşdu,

Deyirıər ki mənə ayırıb kilas.

Hələ rəsmi dəvət də göndəribdir,

Rəyisin yazdığı sözə qulaq as:

 

«– Buyur gəl şəhrivə, icazə verdik!

Yığ tələbələrin, de dərs onlara.

Hicrandan, qurbətdən, visaldan danış,

Şah, «gəlmə!» dedi, şah hara, biz hara?»

 

Anacan oxudum dəvət yazısın,

Nədənsə şəkkim var, inananmıram!

Qoy yenə oyuna düşüm eybi yox,

Mən ki oynamaqdan dayananmıram!

 

Bilirsən mən nə yay! nə qış bilirəm,

Qoynundur yaylağım, həmdə aranım.

Buğum buz bağlasın, qoy gəlim birdə,

Şaxta vursun, bəlkə bərkisin canım.

 

Acıyan Yara

 

Elimin acıyan yarasıyam mən,

Əl qoy nəbzimə gör harasıyam mən,

Parçalanmış qəlbin parasıyam mən.

Hər dona girsəm də yenə düzgünəm,

Bu ad ilə haqqım vardır öyünəm.

 

Düşmən varlığımı inkar eylədi,

Qır atımı, boz atımı peylədi.

Mənə töhmət vurdu, hər söz söylədi,

Elin qayğısını başdan atmadım,

Keşiyində oyaq qaldım yatmadım.

 

Bu elin tarixi keçmişi taysız,

Kəlamı, hər sözü, hər işi taysız,

Duruşu, gəlişi, gedişi taysız,

Aldanma özgənin yağlı dilivə.

Allahıva baş əy, bağlan elivə.

 

Gəlmədi dilimə bircə yalan söz,

Düzgünəm ilqarım doğru sözüm düz.

Sən də əcnəbidən mən tək əlin üz,

Gəl elə, vətənə, yurda güvənək,

Burda gömülmüşdür yüzminlər dilək.

 

 

Ağalıq

 

Qırx gündür saxlayıb Bulqar polisi,

Sürütləyir məni bax hardan hara?

«Filoloq» da deyir adıma hələ,

Dilində ləkə var, gözüdə yara.

 

Şəhrin ortasında «Tezar» heykəli,

«Xilaskar» adlanır Bulqar dilində!

Bəs niyə Bizansı dizə çökdürən!

Bir «Vahşi» tanınır doğma elində.

 

Sən də kaş bileydin nə umur məndən,

Boyuma oxşayan Rus dölü Bulqar?

Ana Təbrizimdən uzaq gəzməyım,

Ona xor baxmağım, mənə ardır, ar!

 

Necə zəhmətkəşlər hüküməti dir?

Bu nə sosiyalizmdir? aldanma Düzgün!

Dəyməz ağalığa qurbət elləri,

Dayanma, yubanma, Təbrizdə sürün.

 

Hək Eylə

 

Fəzilətlər yurdu, kəmal obası,

Qahramanlıqların beşiyi, Təbriz!

Qeyrətin, ismətin, Səhənd zirvəsi,

Ərkin, tarixlərin keşiyi, Təbriz!

 

Bu gün şikayətə sənə gəlmişəm,

Yoruldum, day bəsdir, dizə çökdüm mən!

Səndən uzaq düşüb qurbət ellərdə,

Nə qədər ağlayım, söyləyim vətən?

 

Dostlarım deyirlər: « - muhacirət et!»

Kanada dan viza gəlib adıma,

Edinburg çağırır tədris etməyə,

Sanki gəlmiş hamı bax imdadıma!

 

Sənə şikayətə gəlmişəm ana!

Qoy dönüm bir daha pak ətəyinə,

Cəzamı vergilən, düzəlləm billah!

Düzgünü hək eylə saf ürəyinə...