چاپ

 

Nəsiminin Qəzəlinin Şərhi

 

Prof. Hüseyn M. Sədiq – f.e.d

Tehran Pedaqoji İnstitutunun pensiyaya çıxmış professoru

 

 

1        Mən ki, dərvişəm, fəqirəm, padişah-i âləməm,

Ruhi-birəngəm, əgərçi rəngə girdim, âdəməm.

 

2        Şeş cəhətdən çar ünsürdür məni fâş eyləyən,

Yoxsa mən gəncineyi-vəhdətdə nur-i mübhəməm.

 

3        Aləmül-qeybin süfatı məndən oldu aşikar,

Ey bəsirətsiz, məni gör kim, nə zat-i ə’zəməm.

 

4        Söyləyən həqdir mənim dilimdə hərdəm, yoxsa mən,

Çar ünsürdən mürəkkəb bilisanü əbkəməm.

 

5        Ümmühat ilən doqquz abaya olmuşuz xələf,

Aləm-i təhqiqə baxsan cümləsindən əqdəməm.

 

6        Cənnət-i firdövs üçün bir ləhzə qəmgin olmazam,

Talib-i didar-i yaram, şadimanam, xürrəməm.

 

7        Ey Nəsimi, çünki iş təqdir əlindən işlənir,

Fariğəm dünyadavü üqbada qəmdən, biqəməm.

 

 

 

 

SÖZCÜKLƏRİN ANLAMI

 

Çar ənasir: Varlıq dünyasını təşkil edən dörd əsas maddə olan (su, od, yel və torpaq) deməkdir. Farscada “Çar Axşıc”də deyilir. Dörd əsli maddə.

Təriqətçilər dörd əsli maddəni, dörd nəfsə bənzətmişlər:

 

Od: Nəfs-i Əmmarə

Yel: Nəfs-i Ləvvamə

Su: Nəfs-i Mulhimə

Torpaq: Nəfs-i Mütməinnə

 

Dörd ünsür maddi aləm üçündür və ona görə biri-birilə ziddiyyətdə də olurlar.

 

Mövləvi deyir:

Çar morğənd in Ənasir Bəstepa

Mərg və rəncuri və illət paguşa

Payeşan əz həmdigər çon baz kərd

Morğ hər ünsür yəqin pərvaz kərd[1]

چار مرغ اند این عناصر بسته‌پا،

مرگ و رنجوری و علت پا‌گشا.

پایشان از همدیگر چون بازکرد

مرغ هر عنصر یقین پرواز کرد.

 

Mə`na aləmində isə bunun anlamı yoxdur. Necə ki deyilir:

 

 

Əz Təngnay-i həft şeşu pəncu çaru se,

Pərvaz çon konənd ze do kəvn bogzərənd[2]

از تنگنای هفت شش و پنج و چار و سه،

پرواز چون کنند ز دو‌کون بگذرند.

 

 

Toyi gövhər amay-i çar axşıc

Müsəlsəl kon-i gövhəran dər məzic[3]

 

تویی گوهر آمای چار آخشیج

مسلسل کن گوهران در مزیج

 

Bordəm əz əfrad giti yek do dav əndər se xəm,

Gərçi əz çar axşıc və pənc hes dər şeşdərəm [4]

Çar, ünsür, çar oston qəvi əst

Ke bedişan səqf-i dünya müstəvi əst[5]

 

بردم از افراد گیتی یک دو داو اندرسه خم،

گرچه از چار آخشیج و پنج حس در ششدرم

چار عنصر، چار استون قوی است

که بدیشان سقف دنیا مستوی است

 

 

 

Şeş cəhat: Uzayın altı boyudu: Quzey, Güney, Doğu, Batı, Yuxarı və Aşağı

Fəryad ke dər şeş cəhətəm rah bebəstənd

An xal və xət və zülf və rox və ariz və qamət[6]

فریاد که در شش جهتم راه ببستند

آن خال وخط و زلف و رخ و عارض و قامت

 

 

Nur: Aydınlıq, Tanrı işığı, İrfanda Allah, nur qaynağıdır. Nur, Allahın aləmdə təcəlli etməsinin simvoludur. Və Quranın 24 ayəsi olan, 24-cü surəsinin adıdır. Həmdə Allahın mübarək əsmasından birisi sayılır.

 

Nur-i Həqiqi: Həqtəalanın özüdür. Özündə zühur edər. Və başqasında zahir olarsa, ona “şəms”də deyilir və ürək, nə qədər saf olarsa, o nurdan daha çox ürəkdə zahir olar.

 

Vəhdət: Bir tək gerçək və həqiqət kimi dünyanın görünüşü və Allahın birlik gərçəkliyi heysiyyəti sayılır. Tanrının birliyi təsəvvüf anlamında insanın Tanrı ilə birləşib tək olması anlamına gəlir. Təsəvvüf yolunda ilk addım Vəhdət-i Şohud addımıdır. Ondan sonra insan Vəhdət-i Vücud mərhələsinə çata bilər.

 

Aləm-i Qeyb: Mücərrəd nəfslər aləmi, əmr aləmi, şohud və şəhadət aləmi qarşısında olan aləm. Yəni mələklər və təmiz ruhlar aləmi. İnsan təmiz yaşasa qeyb aləmində olan çox şey onun batin dünyasında görünər. İki təmiz güzgü kimi.[7] Nəsimi Bir yerdə deyir:

Aləm-ül Qeybin vücudu, kainatın eynidir.

Ey şəhdətdən xəbərsiz caina yum-un-nəşr[8]

 

Bu gün gər aləm-ül qeybin nişanın vermək istərsən,

Riyahın uş bəyan eylər zühurun çərx səyyarın[9]

Mohyiddin Ərəbinin düşüncəsinə görə: “Qeyb aləmi heç bir zaman aşkar olmaz və lakin həq həmişə aşkardır və qayib olmaz.”[10]

Aləm-i qeyb üçün əqli dəlil gətirmək olmaz. Quranda deyilir:

عِنْدَهُ مَفاتِحُ الْغَيْبِ لا يَعْلَمُها إِلَّا هُوَ[11]

Qeyb xəzinələrinin («ol!» kəlməsinin altında olan) açarı (və onların həqiqətləri) onun yanındadır.

 

Misal üçün axirət günü və allahın sifatı ilə əlaqədar əqli dəlillər gətirmək olur.

 

الَّذينَ يُؤْمِنُونَ بِالْغَيْبِ[12]

O kəslər ki, qeybə inanırlar

 

Zat: Hər bir zadın həqiqəti və əsli deməkdir. Həmdə mütləq varlığın anlamındadır, varlıq və vücüd mənasındadır.

 

Zat-i Ə`zəm: Ən böyük zat, zat-i əqdəs və zat-i əhdiyyət, Allah deməkdir.

Zat-i ləm yəzəli, zat-i ilahli və zat-i mütləq də deyilir.

 

Nəsimiyə mənsub bir qəzəldə İslam Peyğambərinə eyni zat zat-i əzəl adı verilir:

 

Ya rəsul-i fəxr-i aləm, seyyid-i zat-ü sifat!

Bəhr-i zatın gövhərisən, həm sifatın eyn-i zat.

 

Qüvvət-i zat-i əzəl daim səninlə müstəqim,

Hikmət-i dar-ül əbəd qaim səninlə mümkünat.[13]

 

Və yenə bir məsnəvidə deyir:

Adəmdə təcəlli qıldı Allah

Qıl adəmə səcdə, olma gümrah[14]

 

Əslində ariflər zatın tərifinin kəlmələrə sığmağının mümkün olmadığını bilmişlər. Zünün və Bayəzid, zatın mərifətini cəhl və biliksizlik hesab etmişlər. Zatı nə, olduğu kimi tanımaq olar və nə də onu olduğu kimi tanıtdırmaq olar. Zat içində, əsla kəsrət yol tapmaz. Və Həqtəalanın sifətləri onun eyn-i zat-ı kimidir. Yəni həm zati və həmdə sifatı qədimdir, hadis deyildir.

 

İlk Cövhər (= cövhər-i əzəl) ki zat və sifat məzhəridir və lakin kamil insan yalnız zatın məzhəri sayılır, Nəsimi isə özünü zat və sifat məzhəri hesab edir.

 

Ümməhat (=analar): su, od, yel və torpaq dördlüyünə ÜMMƏHAT-İ ƏRBƏƏ deyilirmiş.

 

Aba (=atalar): Abay-i Ülvi, yeddi səyyarə ki insan taleini təyin edərmişlər. Xaqani deyir:

Be Mən namüşfeqənd abay-i ülvi[15]     به من نامشفق‌اند آبای علوی

 

Əqdəm: Daha əski, daha əvvəlki.

 

Dərviş: Hər bir təriqətə bağlı şəxs, həmdə alçaq könül və dünya işlərinə və nemətlərinə etinasız adama dərviş deyilir.

 

Fəqir: Təsəvvüf terminində salik, ki bu mərhələdə özünü xalqdan ehtiyacsız görür yalnız o Həqtəalaya möhtac olur.

 

Ruh-i Birəng: Boyasız və riyasız ruh. Yəni dünya həvəslərinə bulanmayan ruh. “Rəng” burada həmdə hilə anlamındadır.

 

Rəngə girmək: Haldan hala dönmək, şəkil və forma dəyişmək. Don dəyişmək.

 

 

BEYTLƏRİN ANLAMI

 

 

-1-

Nəsimi, birinci beytdə açıqca söyləyir ki təriqətə bağlı bir insandır, yəni dərvişdir və həmdə təriqət yolçusu olaraq, Allahdan sonra başqasına ehtiyacı yoxdur və ona görədir özünü bütün aləmə padişah hesab edir.

Həmin beytin ikinci misra`ında boyasız və riyasız və saf ilahi bir ruh olduğunu iddia edir və Allah zati və ruhu olaraq insan şəklinə girmiş yəni qalıb və bədən içində yerləşib, adəm şəkli almışdır.

 

-2-

İkinci beytdə deyir ki insan qalıbına düşdükdə, maddi aləmi təşkil edən altı yön və dörd əsli maddəyə əsir olmuş və maddi həyat sürməgə başlamış, yoxsa maddi həyatdan qıraq və uzaq olaraq. əslində Allahın özünə vəsl imiş və onun birlik zatından qopub gəlmişdi. Bu birlik və vəhdət aləmini kəsrət aləmi qarşısında qoyub və deyir: İndi kəsrət içrə mübhəm və bəlirsiz bir nur kimiyəm. Burada qeyri müəyyən və aydın olmayan bir işığam.

 

-3-

Üçüncü beytdə deyir mələklər və təmiz ruhlar aləmi yəni heç zaman aşkar olmayan qeyb aləmi, indi məndə aşkar və əyan olmuşdur. Və bunu görmək üçün bəsirətin lazım olmasını ortaya sürür və bəsirətsiz tərəfə xitab, bildirir ki özü zat-i əzəm, yəni ən böyük zat, başqa sözlə desək zat-ı Ləm yəzəl, Zat-i Mütləq və zat-i ilahidir. O özünü zati əzəm bildiyi halda, islam peyğəmbərinə xitab deyir.

Ya rəsul-i fəxr-i aləm, seyyid-i zatü sifat![16]

Bəhr-i zatın gövhərisən, həm sifatın eyn-i zat.

Beləliklə demək olar ki Nəsimi özünü zatın yəni Allahın məzhəri sayır.

 

-4-

Dördüncü beytdə, özünü dörd ünsürdən qurulan adi insan bilir və iddia edir ki dilindən çıxan sözləri Həqtəala söyləyir və Həqtəala daim onun dilindən danışır, yoxsa oda başqaları kimi, dilsiz və əbkəm olacaqmış.

Yəni iddia edir ki bu dörd ünsürdən qurulmuş onun varlığı içrə Həqtəala zühur etmişdir. Çün ki Allah qadir-i mütəaldır və hər işə qadirdir, istədiyi qalıb və formalara girəbilər və Nəsiminin qalıbında məskən salmağı uyğun görmüşdür.

 

-5-

Beşinci beytin ilk misrası bəzi nüsxələrdə belə keçir: Ümmühat ilən nə var abaya olmasa xələl,

Aydındır ki bu sözlərdən heç bir məna çıxmamaqdadır.

Ümmühat, dörd ünsürdür, Aba dan isə qəsdi doqquz fələk olmalıdır. Bir yerdə deyir:

Doqquz ata, yeddi ana, dörd tayadan ver xəbər,

Dü çəhar-ü pənc-ü şeşin saqü bünyası nədir?[17]

 

Başqa bir yerdə deyir:

Könlümün şəhrində eşqin bir imarət yapdı kim,

Ta əbəd qoparmaz andan nöh fələk bir daşını.[18]

 

Və yenə yazır:

Nöh fələk bu çərx-i gərdun məst olub gərdişdədir,

Şəms məst-ü mah məst-ü kökəb-i səyyar məst[19]

 

Nəzərə gəlir ki bu beytdə “yeddi” kələməsi təhrif olaraq “doqquz” olmuşdur. Şair demək istəyir ki “biz, Ümmühat (=dörd ünsür) və Aba (=yeddi ulduz)un xələfi sayılırıq və lakin təhqiq gözü ilə baxsan, mən hamısından əqdəməm. Yəni ümmühat və abadan öncə yaranan zat və ruha malikəm.”

 

Qeyd etmək lazımdır ki bəzən “doqquz fələk”də “yeddi ulduz” ilə ABA adlanırdı. Misal üçün Ənvəri deyir:

 

Ni nəbude əst ke puşidə nəbaşəd bər vey

Zərrei nikubəd-i nöhfələk və həft əxtər[20]

نی نبوده‌ست که پوشیده نباشد بر وی

ذره ای نیک و بد نُه فلک و هفت اختر

 

Ona “Nöh Sepehr” və “Nöh korsi”də deyilmişdir:

Məhrəman-i Səraçe-ye Qodusi,

Lövhəxanan Serr-i nöh korsi[21]

محرمان سراچه‌ی قدسی،

لوح خوانان سرّ نُه کرسی

 

Və ya

Nöh Sepehr əz bəray-i mərsiyətəş

Dəh zəban çon derəxt-i gəndom şod[22]

نُه سپهر از برای مرثیتش،

ده زبان چون درخت گندم شد.

 

Xaqani, aba yerinə Nöh şəhr Ümməhat əvəzinə Həft deh sözlərini də işlətmişdir

dərin həf-dəh zir-i nöh şəhr-i bala

Vəra-ye Xerəd dəh kiyai nəyabi[23]

دراین هفت‌ده زیر نه شهر بالا ،

ورای خرد ده‌کیایی نیابی

 

Və bəzən nöh sədəf termini də işlənmişdir:

Dərin bəhr bi bon nəyabi nəzirəş,

Ke in nöh sədəf rast yek dane gövhər[24]

در این بحر بی‌بن نیابی نظیرش،

که این نُه صدف راست یک دانه گوهر.

 

 

Nöh tarım, Nöh taq, Nöh çərx, Nöh hesar terminləri də sufi şerlərində işlənir:

Be həşt rövzə və nöh çərx və dəh mücərrəd-i xas,

Be nəfs-i natiqə və pəs ərəz, degər cövhər[25].

به هشت روضه ‌و نُه چرخ و ده مجرد خاص،

به نفس ناطقه و پس عرض، دگر جوهر.

 

 

-6-

Hurufi və başqa Batini və Tənasoxiyə təriqətlərinin inancına görə, Həqtəalaya yetişmək və onun vəhdət dənizinə girmək, özü cənnət-i firdövs deməkdir. Elə ona görədə şair, həqq ilə birgə yaşaması üçün, özünü şadu xurrəm sayır və cənnət-i firdövs qəmini atır. Başqa yerdə deyir:

Didarını təcəllidə görmüşdü gözlərim,

Musa ilə arada kəlam olmadan hənüz.[26]

 

və ya:

Musa sifət olğil ki münacata həmişə,

                                                                   Göstər yəd-i bəyza

Didara anın çün gecə - gündüz nəzəridir

                                                                   Bu Tur züləmdə.[27]

 

-7-

Qəzəlin son beytində cəbriyyə və təqdirə qail olanlar məzhəbi dili ilə danışır və deyir ki hər iş əzəldə təqdir olunmuş. Ona görə də mən dünyadan fariğəm, dünya ilə işim yoxdur, və uqba üçün də qəmsiz yaşayıram.

Birdə təkid edir ki adi məxluqdan fərqli olaraq, Allah dünya və uqbanın işlərini təyin etmək güc və qüdrətini ona vermişdir.

Təqdir sözünü çox yerdə işlətmiş və cəbriyyə dili ilə öz inanclarını dilə gətirmişdir. Misal üçün:

 

Təqdir-i əzəl bəxt ilə yar oldu və gəldi,

Tədbir-i müxalif ədəm, əlminnətülillah[28]

 

Və ya

səndən ayrı düşdüyüm təqdir imiş, məndən deyil,

Həqdir ey can hər nə kim təqdir-i yəzdan eylədir.[29]

 

Təqdir Həqtəaladan və tədbir isə insandan naşi olur.

 

Bu qəzəl Nəsimi divanının çapları arasından, yalnız aşağıdakı çaplarda vardır:

  1. Nəsimi Divanı. Hazırlayan Hüseyn Əyan. Aqçaq yayın evi. Ankara, 1999.
  2. İmədəddin Nəsimi, Divan. Tərtib edən: Həmid Arasli, Bakı Elm Nəşriyyatı. 1985.
  3. Nəsiminin Türkçə Divanı. Hazırlayan Dr. Hüseyn Ayan. Ankara. Türk Dil Qurumu. 2002. İkinci cild.

 

Başqa çaplarda o cümlədən 1260 hicri qəməri ilində çap olunmuş İstanbul çapı; 1926-cı ildə çap olunmuş və Səlman Mümtaz tərəfindən hazırlanmış nüsxə; 1973-cü ildə Cahangir Qəhrəmanov tərəfindən hazırlanmış nüsxə, 1991-ci ildə Bakı Gənclik yayını tərəfindən yayımlanmış nüsxə, 1987-ci ildəki Bakı şəhərində Yazıçı yayını, 1972-ci ildəki Bakıda “Məndə Sığar iki cahan” adı ilə çap olunmuş əsərdə bu qəzəl mövcud deyil. Qəzəlin mətnini tərtib etdiyim “Nəsimi Divanı” [30] adlı əsərimdən nəql etdim. Lakin qəzəlin Nəsimidən olmasına tam inamın yoxdur.

 

Tehran şəhəri - 2019

 

 

[1] Mövləvi Rumi. Məsnəvi Mənəvi, Hazırlayan Nikolson, Dəftər 3, Beyt 4427.

[2] Nəcm Razi. Mirsad-il İbad. Tehran. 1992.

[3] Nizami. Şərəfnamə. Hazırlayan Vəhid Dəstgerdi, Səhifə 4.

[4] Divan Xaqani Şirvani. Ziyaəddin Səccadi, Tehran, səhifə 248

[5] Divan Xaqani. əvvəlki qaynaq. Səhifə: 3, Səhifə: 273.

[6] Divan Hafiz. Dr. Qəni. 1983.

[7] Əzizüddin Nəsəfi. Kamil İnsan. Önsöz yazan Marijan mölə. Tehran 1983, Səhifə 89

[8] Nəsimi Divanı. Hazırlayan Dr. H. M. Sədiq, Təbriz 2001-ci il, Səhifə 243

[9] Öncəki mənbə, səhifə 361.

[10] Məhyuddin Ərəbi. 361. Nəs-ul Nusus. Səhifə: 419

[11] Ənam surəsinin 569-cu ayəsi.

[12] Bəqərə surəsinin 1-ci ayəsi.

[13] Nəsimi, öncəki qaynaq. səhifə 6.

[14] Nəsimi, Öncəki mənbə. Səhifə 396.

[15] Xaqani, öncəki mənbə. Səhifə 24.

[16] Nəsimi Divanı. Öncəki mənbə. Səhifə 168.

[17] Nəsimi Divanı. Öncəki mənbə. Səhifə 279.

[18] Nəsimi Divanı. Öncəki mənbə. Səhifə 393.

[19] Nəsimi Divanı. Öncəki mənbə. Səhifə 182.

[20] Ohəd-ud-din Ənvəri Əbiverdi. Ənvəri Divanı. Hazırlayan Məhəmmə Tağı Müdərris Rəzəvi. Tehran. Elmi və Fərhəngi. 1985, cild 1 Səhifə 143.

[21] Divanı Əraqi. Səhifə 343.

[22] Divanı Xaqani. Öncəki mənbə. Səhifə 539.

[23] Divani Xaqani. Öncəki mənbə. Səhifə 416.

[24] Fəyyaz Lahici, Divan. səhifə 95.

[25] Fəyyaz Lahici, Divan. səhifə 9

[26] Nəsimi Divanı. Səhifə 299.

[27] Nəsimi Divanı. Öncəki mənbə. Səhifə 422.

[28] Nəsimi Divanı. Öncəki mənbə. Səhifə 369.

[29] Nəsimi Divanı. Öncəki mənbə. Səhifə 383.

[30] Nəsimi Divanı. Hazırlayan Dr. H. M. Sədiq, Təbriz 2001-ci il, Səhifə 243